AĞ EVDƏ SÜLH GÖRÜŞÜ “BU TARİXİ ADDIM BÖLGƏMİZ ÜÇÜN ÜMİD RƏMZİDİR”
ZAMİQ YUNİSOV


İnterval.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ştatlara rəsmi səfəri çərçivəsində Ağ Evdə keçirilən yüksək səviyyəli görüş, regionda davamlı sülhün bərqərar olması istiqamətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Görüş zamanı Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi əsas müzakirə mövzularından olub.
Bu mühüm diplomatik hadisəyə münasibət bildirən, EAPCA-nın Azərbaycan üzrə Protokol rəhbəri, Zamiq Yunisov məsələnin əhəmiyyətini belə dəyərləndirib:
“Prezident İlham Əliyevin Ağ Evdə keçirdiyi bu görüş təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün sülh, inkişaf və yeni geosiyasi balansın təməlidir. Regionda illərlə davam edən münaqişə və gərginliklərdən sonra bu cür dialoqlar ümidin, ədalətin və yeni mərhələnin xəbərçisidir.”
Zamiq Yunisov əlavə edib ki, bu səfər və görüş Azərbaycanın beynəlxalq müstəvidə artan siyasi çəkisinin göstəricisidir:
“Azərbaycan bu gün təkcə enerji layihələri ilə deyil, sülh təşəbbüsləri və multilateral diplomatiya xətti ilə də nüfuz qazanır. Cənab Prezidentin Vaşinqtonda sülh gündəmini irəli sürməsi, Qafqazda yeni səhifə açmaq niyyətində olduğunu sübut edir. Bu, tarixi addımdır.”
Yunisov sonda bildirib ki, bu cür diplomatik irəliləyişlər mədəni əlaqələrə, humanitar dialoqa və regiondaxili inteqrasiyaya da müsbət təsir edəcək. Onun fikrincə, medianın da üzərinə mühüm vəzifələr düşür – sülh təşəbbüslərinin doğru şəkildə ictimaiyyətə çatdırılması, dezinformasiyaya qarşı mübarizə və yeni reallıqların düzgün izahı bu mərhələdə olduqca vacibdir.

Bütün xəbərlər
