Niderland mediası Oisterwijk şəhərinin Azərbaycanla mənəvi yaxınlığından yazdı
Niderland mediası Oisterwijk şəhərinin Azərbaycanla dərin tarixi və mənəvi bağlarını diqqət mərkəzinə gətirərək, II Dünya müharibəsi dövründə Hollandiya Müqavimət Hərəkatının fəal üzvü, “Medo” ləqəbi ilə tanınan azərbaycanlı qəhrəman Məmməd Məmmədovun xatirəsinə həsr olunmuş tədbir haqqında geniş reportaj dərc edib.


İnterval.Az bildirir ki, 2025-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə və səfirliyin diplomatları, Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının (EAPCA) baş katibi Sahil Qasımov, eləcə də Oisterwijk şəhərinin meri, CDA partiyasının nümayəndəsi Hans Janssen II Dünya müharibəsi zamanı Hollandiya Müqavimət Hərəkatına rəhbərlik etmiş, “Medo” ləqəbi ilə tanınan azərbaycanlı qəhrəman Məmməd Məmmədovun şərəfinə ucaldılmış abidəni ziyarət etmişlər.
Tədbirdə qəhrəmanın qızı Nensi Duumen və həyat yoldaşı Adri Duumen də iştirak etmişlər. Görüş zamanı tərəflər Oisterwijk və Azərbaycan, xüsusilə də qəhrəmanın doğulduğu Zaqatala rayonu arasında mənəvi və tarixi bağlardan, qarşılıqlı dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görüləcək işlərdən danışıblar.
Oisterwijk şəhərində səfir və nümayəndə heyəti həmçinin şəhərin “Mamed Mamedovpad” adlı küçəsini də ziyarət ediblər. Qeyd edək ki, 2012-ci ilin iyun ayında Məmməd Məmmədovun adının əbədiləşdirilməsi prosesi o dövrdə Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərovun təşəbbüsü ilə həyata keçirilmişdir.
Əslən Zaqatala rayonunun Muğanlı kəndindən olan Məmməd Məmmədov bu gün də Zaqatala və Oisterwijk şəhərləri arasında mənəvi körpü rolunu oynayır. 2019-cu ildə Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin və Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə qəhrəmanın doğulduğu Muğanlı kəndində onun Ev Muzeyi açılmış, “Medo”nun ailə üzvləri və Oisterwijk şəhər rəhbərliyi həmin tədbirdə iştirak etmişlər.
Elə həmin ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Medo”nun ailə üzvləri ilə Bakıda görüşərək onları doğma ata ocağına – Zaqatalaya dəvət etmişlər.
Xatırladaq ki, “Medo” ləqəbli Məmməd Məmmədov Niderland Krallıq Sarayının fəxri üzvü olmuş, Niderlandın Milli Qəhrəmanı adına layiq görülmüş, Kraliça Beatriks tərəfindən “Oranje Nassau” ordeni ilə təltif edilmiş və Krallığın “Cəngavər” titulunu qazanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Məmməd Məmmədov “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” yubiley medalı ilə də təltif olunmuşdur.
Səfir Məmməd Əhmədzadə və Oisterwijk şəhərinin rəhbərliyi arasında keçirilən görüşdə gələcək əməkdaşlıq, birgə mədəni və tarixi layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
Zamiq Yunisov
İnterval.Az

Bütün xəbərlər
