Bakıda məktəbli formalarının alışı üçün axın yoxdur

“Hazırda Bakı Tikiş Evində (BTE) məktəbli formalarının tikişi və satışı prosesi davam edir”.

Bunu “İnterval.az”a açıqlamasında BTE-nin Satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

O qeyd edib ki, məktəbli formalarının alınması üçün elə də çox axın müşahidə olunmur:

“Forma tikilişi üçün ehtiyatımız var və heç bir çatışmazlığımız da yoxdur. Bu gün üçün valideynlər ən çox ibtidai siniflər, əsasən də 1-ci sinfə gedən uşaqları üçün forma alınmasına görə bizə müraciət edirlər”.

E.Əzimov eyni zamanda vurğulayıb ki, məktəbli formalarının satış qiymətində heç bir dəyişiklik edilməyib.

Xatırladaq ki, aşağı siniflər üçün vahid formanın qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır.

Qeyd edək ki, sentyabrın 15-də ibtidai siniflər üçün məktəblərdə əyani formada tədris prosesi başlayır.


Bütün xəbərlər