Dil bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır

“Vikipediya”nın polyak dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır

Polşa Azərbaycanlıları Şurasının üzvü, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin magistri, “Qorqud” Vikipediya Metodik Mərkəzinin könüllüsü Fəridə Əliyeva tərəfindən “Vikipediya”nın polyak dili bölməsində ölkəmizlə bağlı məqalələr yaradılıb və əsaslı redaktə olunub.

Bu barədə  “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Fəridə Əliyeva bir müddətdir ki, “Vikipediya”nın polyak dili bölməsində məqalələr yaradır və redaktələr edir. Çalışdığı müddət ərzində Azərbaycanla bağlı boşluqların aradan qaldırılmasına çalışır. Bu günlərdə onun tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Hikmət Həsənov, həmçinin Xankəndi talanları, Tovuz döyüşləri, Gəncə bombalanmaları haqqında məqalələr yaradılaraq polşalı oxuculara təqdim edilib. Digər mövzularda da məqalələrin yaradılması nəzərdə tutulub. Eyni zamanda, Polşa-Azərbaycan Vikipediya Klubunun yaradılması planlaşdırılır. Əsas məqsəd “Vikipediya”nın polyak dili bölməsində Azərbaycanla bağlı qərəzsiz, düzgün məqalələrin yaradılmasını təmin etməkdir. Klubun üzvlərinə Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun təlimçiləri tərəfindən təlimlər keçiriləcək. Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli bu prosesdə fəal iştirak edəcək”, – deyə E.Eltürk bildirib.


Bütün xəbərlər