İçərişəhərdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edildi – FOTO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cı ildönümü ilə əlaqədar “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin və Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Tarixi abidələrin qorunmasında Heydər Əliyevin rolu” adlı elmi-praktiki seminar keçirilib.

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsindən Milli.Az-a verilən məlumata görə, silsilə tədbirlər çərçivəsində Tahir Salahovun ev-muzeyində keçirilən seminarda “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, İdarənin əməkdaşları və YAP nümayəndələri iştirak etmişlər. Tədbiri salamlama nitqi ilə açan Şahin Seyidzadə Ulu Öndərin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərindən, İçərişəhərin, eləcə də Azərbaycan ərazisindəki maddi-mənəvi, tarixi-memarlıq abidələrinin qorunması və tanıdılması məqsədi ilə mühüm ümumbəşəri fəaliyyətindən bəhs etmişdir.

Muxtar Nağıyev öz çıxışında Heydər Əliyevin ölkənin hərtərəfli inkişafı üçün həyata keçirdiyi mühüm islahatlardan, onun uzaqgörənliyi nəticəsində bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsindən, onun əvəzsiz xidmətlərindən bəhs etmişdir.

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev mədəni irsin qorunub saxlanmasına, bərpasına, təbliğinə böyük önəm verirdi. Müdrik dövlət başçısı milli şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin, maddi-mədəniyyət abidələrinin tərbiyəvi rolunu yüksək qiymətləndirir və vacib amil hesab edirdi.

O dövrün sənədlərində xüsusi yer İçərişəhərə ayrılırdı. Əsas məqsəd əsrlərlə formalaşan tarixi məkanın, bir qədim şəhərsalma nümunəsi kimi qorunub saxlanması və olduğu kimi gələcək nəsillərə çatdırılması idi. 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə İçərişəhər qoruq elan edilmişdir. Ümummilli liderimizin artıq müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxtda isə 2000-ci ildə İçərişəhər UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edildi.

Seminar boyunca təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin bu gün müasir dövrün tələblərinə uyğun şəkildə Prezident İlham Əliyev tərəfindən əzmkarlıqla davam etdirildiyi vurğulanıb.

Interval.Az

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər