“Z-Company 2007” şirkətinin təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirildi – VİDEO – FOTO

Fevralın 25-də “Z-Company 2007” şirkətinin təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib. Tədbir Ağdərə istiqamətində şəhid olan Nəsib Mikayıl oğlu Məlikovun anası Lətifə Məlikovanın müalicəsinə dəstək məqsədiylə təşkil olunub.

İnterval.Az-ın məlumatına görə, “Şahənşah” şadlıq sarayında keçirilən tədbir 3 şəxs-bloqqerlər Elçin Lənbəranski, Cavid Şou (Show) və “Könüldə Nur” Xeyriyyə Cəmiyyətinin rəhbəri Könül Qasımovanın əməyi nəticəsində gerçəkləşib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsiylə başlayıb və ardınca Qarabağ və Xocalı Faciəsi şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Milli Qəhrəmanlarının və şəhid ailələri, qazilər, media nümayəndələri, səhiyyə işciləri, Beynəlxalq Sülh səfirliyininin nümayəndləri, ehtiyatda olan zabitlər, o cümlədən, mədəniyyət, incəsənət və ictimai xadimlər də iştirak ediblər.

Tədbirin aparıcısı Elçin Lənbəranski şəhid Nəsib Məlikovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıb. O, ümumiyyətlə, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın yaşadığı qısa, lakin şərəfli həyat yolunun gənclərimizə əsl örnək olduğunu diqqətə çatdırıb.

Bundan başqa, E.Lənbəranski qonaqlara söz verib və “Z-Company 2007” şirkətinin rəhbəri Zamiq Yunisovun imzasıyla tərtib olunan “Təşəkkürnamə”ni xeyriyyə aksiyalarında fəal iştirak edən şəxslərə təqdim edib.

“Təşəkkürnamə”yə layiq görülənlər arasında “Z-Company 2007″nin direktor müavini Azər Hümbətov, “Z production”un direktor müavini Lalə Hümbətova, o cümlədən, İnterval.Az xəbər portalının baş redaktoru Fuad Mədətov da var.

E.Lənbəranski İnterval.Az-a açıqlamasında bildirib ki, şəhid anasının müalicəsi üçün tədbir zamanı yığılan müəyyən vəsait ona çatıb və ictimai xadim Hacı Quliyev onunla əlaqə saxlayaraq müəyyən sosial problemlərin həll olunmasında dəstək olacağını deyib:

“Tədbirdə yığılan müəyyən vəsait şəhid anasına təqdim olunub. Tanınmış ictimai xadim, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyin vitse- prezidenti, iş adamı Hacı Quliyev öz çıxışında da qeyd etdi ki, şəhid anasının müəyyən sosial problemlərinin həll olunmasında yardımçı olacaq. O, tədbirdən sonra şəhid anasıyla danışıb və öz öhdəsinə götürdüyü probləmləri tezliklə yerinə yetirəcəyini söyləyib.”

Qeyd edək ki, tədbir Xocalı Faciəsinə həsr olunub.


Bütün xəbərlər